news-details

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə onlayn rəsm qalereyası yaradılıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsinə göndərilən işlər əsasında qalereya yaradılıb və müsabiqə açıq elan edilib.

Fonddan Xbr.az-a bildirilib ki, müsabiqədə quruma üzv və müşahidəçi ölkələrlə, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşarası uşaqlar iştirak edirlər.

Müsabiqənin əsas məqsədi koronavirus (COVID-19) pandemiyası dövründə istedadlı gənclərin bacarıqlarını ictimaiyyətə tanış etmək, eləcə də gəncləri türkdilli xalqların qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına cəlb etməkdir.

Rəsm qalereyasının saytı fondun prezidenti Günay Əfəndiyevanın “Ön söz”ü ilə açılır: “Çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız asudə vaxtlarını düzgün təşkil edə bildilər. Müxtəlif ölkələrdən çox sayda məktəbli bu yarışmaya qoşuldu. Onlar parlaq, rəngarəng rəsmlərində türk mədəniyyətinin geniş miqyaslılığını göstərməyi bacardılar” .

Qeyd edək ki, qalereyada 700-ə yaxın müxtəlif rəsm nümayiş olunur. Rəsmlər 12 mövzu üzrə “Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli Mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi” kateqoriyalarına bölünüb. Müsabiqə onlayn şəkildə səsvermə yolu ilə həyata keçiriləcək. Qaliblər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikat və mükafatlarla təltif olunacaqlar.

Qalereya ilə tanış olmaq və səsvermədə iştirak etmək üçün https://itchf.org/gallery/ linkinə keçid edə bilərsiniz.

Hibya Xəbər Agentliyi